İcbari Sığorta Bürosu avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası tariflərinin təkrar nəzərdən keçirilməsi üzrə təkliflər paketi hazırlayacaq. Bunu İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Rəşad Əhmədov deyib.
“Artıq uzun illərdir ki, AVSMMİS üzrə tariflər dəyişmir. Bu gün bazarda tariflərin təkrar nəzərdən keçirilməsi zərurəti mövcuddur. Eyni zamanda, tariflərin daha artıq differensiasiyası mümkündür”,- Əhmədov bu gün seminarda bildirib.
O, həmçinin AVSMMİS üzrə sığorta təminatı üzrə limitin artırılması imkanını istisna etməyib.
“Hazırda məsul aktuarilər zəruri hesabalamaları aparırlar. Gələn ay bir sıra təkliflər təqdim etmək istəyirik. Həmçinin sığorta təminatı üzrə limitin təkrar nəzərdən keçirilməsinə ehtiyac olduğunu hesab edirik, çünki hazırda limit 5 min manat, avtomobillərin və onların ehtiyat hissələrinin bazar qymətləri isə bəzən yuxarı olur. Bu gün sığorta təminatının orta məbləği 1,1-1,2 min manatdır, lakin bizdə zərərin 5 mindən artıq olan halların sayı mühüm dərəcədə çoxdur”, - Əhmədov vurğulayıb.
2019-cu ilin yanvar-aprel aylarında Azərbaycan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) sığortaçıların topladığı haqlar 29,192 mln. manat və ya bazar üzrə bütün haqların 11%-ni təşkil edib. Hesabat dövrü ərzində AVSMMİS üzrə ödənişlər 19,278 mln. manat və ya sığortaçıların bütün ödənişlərinin 29,76%-ni təşkil edib.
Öncə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) rəhbəri Azər Əliyev "İnterfaks-Azərbaycan" agentliyinə məlumat verib ki, komisyon muzd ödənişlərinin normadan artıq olması özünü avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) növündə daha çox göstərir, yəni zərər orta hesabla 60-65% (əvvəllər 35-40% - İF) təşkil edir. "Bu gün AVSMMİS üzrə zərər demək olar ki, iki dəfə artıb. Bundan əlavə, sığorta şirkətləri AVSMMİS üzrə sığorta haqlarının 5%-ni İcbari Sığorta Bürosuna (İSB), 0,5%-ni isə Maliyyə Bazarlarına Nəzarət Palatasına ödəyir. Bütün bunları komisyon muzd ödənişləri ilə birgə toplasaq, zərər 100%-dən çoxdur”, - o qeyd edib.
Xəbər verildiyi kimi, 2011-ci il dekabrın 16-dan etibarən Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə polislərin yeni tarif və şərtlərlə satışına başlanılıb.
Xüsusilə 50 manat məbləğində baza tarifi müəyyən olunub və mühərrikin həcmi 1500 kubsantimetrə qədər olan avtonəqliyyat vasitələrinə tətbiq olunur. Mühərrikin həcmi artdıqca 1,5-5 əmsalları tətbiq olunur. Mühərrikin həcmi 5 min kubsantimetrdən çox olan avtonəqliyyat vasitələri üçün 5 əmsalı tətbiq olunur, yəni sığorta tarifi 250 manat təşkil edir.
Sərnişindaşıma ilə məşğul olan avtobus və mikroavtobuslar üçün sığorta tarifi hesablananda əmsallar onların sərnişin yerlərinin sayından asılıdır. Belə ki, 9-16 sərnişin yerinə görə 3, 16-dan artıq yerə görə 4 əmsalı tətbiq edilir.
Yük avtomobillərində əmsal yükgötürmə qabiliyyətindən asılı olaraq 3-dən 5-ə qədər təşkil edir.
Motosiklet, traktor və digər kənd təssərrüfatı texnikası üçün əmsal 1-ə bərabərdir.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə əmlaka dəymiş ziyana görə sığorta məbləği 5 min manat, sağlamlığa vurulan zərərə görə 5 min manat (bir nəfərə görə), bir sığorta hadisəsinə görə ümumi limit 50 min manat təşkil edir. Beləliklə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişin maksimum məbləği 55 min manat təşkil edə bilər.**
Ə.Məmmədov