Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) tərkibinə daxil olan “ASK Business Consulting” və Səudiyyə Ərəbistanının “Global Project Development” şirkəti əməkdaşlıq haqqında memoandum imzalayıb. Bu barədə ASK-nın məlumatında deyilir.
Memorandum ümumi inkişaf məqsədlərinin təşviqini, beynəlxalq və Azərbaycan şirkətləri arasında əməkdaşlığın inkişafını, inteqrasiya imkanlarının stimullaşdırılmasını nəzərdə tutur.
Sənəddə, həmçinin xarici şirkətlərin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsində Azərbaycan şirkətlərinə köməklik edilməsi, yerli şirkətlər və sahibkarlar tərəfindən hazırlanmış investisiya layihələrinin məlumat bazasının yaradılması, ilkin analiz, investisiya layihələrinə baxılması, seçim prosesində bilavasitə iştirak nəzərdə tutulur.
Sənədi “ASK Business Consulting”in direktoru Fərqanə Həsənova və “Global Projects Development Holding Co”nun direktoru Badear Bhaişan Al-Mutairi imzalayıblar.
Badear Bhaişan Al-Mutairi qeyd edib ki, şirkət Azərbaycan şirkətlərinə investisiya qoyuluşlarının və onların məhsullarının Fars körfəzi ölkələrinə çıxışının təmin edilməsi ilə bağlı dəstək göstərməyə hazırdır.*
B.Rüstəmbəyov