Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Azərbaycan və Ermənistan XİN başçılarının yeni görüşünün keçirilməsi məqsədilə ATƏT-in Minsk qrupunun həmsədrlərindən təkliflər gözləyir. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“Nostradamus deyiləm ki, yeni görüşün nə zaman keçirləcəyini deyim, nə qədər tez olsa, bir o qədər yaxşıdır. Yeni görüşün nə vaxt keçirlməsinin mümkün olacağını həmsədrlər bildirəcəklər”, - Məmmədyarov bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqtondakı son görüşü (iyunun 20-də - İF) 3 saatdan artıq davam edib. “Bu görüşün müsbət məqamı ondan ibarətdir ki, həmsədrlər müzakirələr üçün bizə təkliflər təqdim etdilər. Bunlar yeni və ya köhnə sənədlər? Biz son 15 il ərzində onları müzakirə edirik”, - Məmmədyarov bildirib.
O əlavə edib ki, Azərbaycanın mövqeyi dəyişilməz olaraq qalır – Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır.
Nazirin sözlərinə görə, əsas danışıqlar yalnız Ermənistan qoşunları işğal olunan əraziəördən çıxarılandan sonra başlana bilər. “Digər məslələrə gəlincə, onlar müzakirə olunur. Lakin əsas məsələ, Ermənistan qoşunlarının çıxarılmasıdır”, - Məmmədyarov əlavə edib.
Eyni zamanda, o qeyd edib ki, Azərbaycan “substantiv danışıqların aparılmasının” tərəfdarıdır.
Məmmədyarov vurğulayıb ki, “yaxın 2-3 ay ərzində həmsədrlərin təkliflərini nəzərdən keçirəcəyik”.
“Ermənistan tərəfi hər dəfə məsələ qaldırır ki, bizə status və təhlükəsizlik lazımdır. Bu məsələ həmçinin Vaşinqtonda müzakirə olunub. Təhlükəsizlik məsələləri və beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi imkalarına gəlincə isə həmsədrlər təkliflərini daha da dəqiqləşdirməli və onlarla çıxış etməlidirlər. Həmsədrlərin dediyinə görə, biz bu məsələlər üzərində işləməliyik”, - XİN başçısı əlavə edib. **
R.Babayev