Azərbaycanda investorlar üçün güzəştlərin qüvvədə olma müddəti artırıla bilər. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə hökumətdəki mənbə məlumat verib.
"İnvestorlar üçün güzəşt dövrünün artırılması ilə bağlı təkliflər almışıq. Hazırda güzəşt müddəti 7 ildir. Hökumətdə bu 7 illin sahibkarın qeydiyyata alındığı andan deyil, müəssisənin fəaliyyətinin əvvəlindən başlaması ilə bağlı təklif hazırlanıb”, - deyə mənbə qeyd edib.
Onun sözlərinə görə, hazırda bu təklif müzakirə mərhələsindədir və yekun qərar hələ qəbul olunmayıb.
Prezident İlham Əliyev 2016-cı il yanvarın 18-də “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. Dövlət başçısı, həmçinin “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nı da təsdiq edib.
İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara verilən sənəd Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verir. Bu güzəştlərə aiddir: mənfəət və ya gəlir vergisinin 50%-dən 7 il müddətinə azadolma; torpaq və əmlak vergisindən 7 il müddətinə tam azadolma; xaricdən idxal edilən texnika, texnoloji avadanlıq və qurğunun gömrük rüsumu və ƏDV-dən 7 il müddətinə tam azadolma.*
Ə.Məmmədov