Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqtondakı görüşü zamanı tərəflər atəşkəs rejiminin pozulması hallarının azaldılmasına dair razılığa gəliblər. Bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.
“Bildiyiniz kimi, (iyunun 20-də - İF) Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilib. Ermənisan tərəfi hər zaman məsələ qaldırır ki, danışıqların səmərəli aparılması üçün etimadı bərpa etmək və cəbhədə atışmanın sayını minimuma endirmək lazımdır. Tərəflər bu məsələləri müzakirə ediblər və belə deyək, cəbhədə atışmanın sayı azalıb. Əgər söhbət etimadın bərpasından gedirsə, biz bu məsələnin həlli məqsədilə buna getdik”, - Həsənov Real TV telekanalına müsahibəsində bildirib.
O vurğulayıb ki, artıq uzun illərdir Azərbaycan tərəfi Ermənistana güzəştə gedərək münaqişənin həlli üzrə sülh danışıqları aparır.
“Sülh yolu ilə nizmlanmadan söhbət açırsınız, məsələnin danışıqlar yolu ilə həllindən? Buyurun. Biz uzun illərdir sizə güzəştə gedərək danışıqlar aparırıq. 2016-cı ildə bu məsələni digər üsulla həll etmək iqtidarında olduğumuzu sizə göstərdik”, - nazir bəyan edib.
Həsənov vurğulayıb ki, 2016-cı ilin aprel ayında 3 gün ərzində Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrin kiçik hissəsi tərəfindən darmadağın edilib. Hətta İrəvan səfərbərlik elan etmişdi. “Yaşlıları toplayaraq Qarabağa göndərirdilər. Yəni ordu qarşı dura bilmirdi, onlar ehtiyatda olanları çağırmağa məcbur olmuşdular”, - nazir qeyd edib. **
F.İsazadə