Ermənistanla müharibə bitməyib, buna görə Azərbaycan hərbi gücünü artırmağa davam edəcək. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və biz hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək. Əminəm ki, bu gün gələcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək”, - Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseyinin kursantları ilə görüş zamanı bildirib.
O bildirib ki, ordu quruculuğu prosesi uğurla, sürətlə gedir.
“Müasir səviyyədə işlər görülür, hərbi texnika alınır, döyüş qabiliyyəti artır. Bir sözlə, bu gün Azərbaycan Ordusu öz gücünü göstərir və göstərməlidir. Bizim ordumuzun gücü, döyüş qabiliyyəti, peşəkarlığı artır. Bu gün ordumuz ən yüksək səviyyədədir”, - prezident bəyan edib.
İ.Əliyev qeyd edib ki, imkanlarımız artır, maddi vəziyyətimiz yaxşılaşır, orduya lazım olan texnika, silah-sursat alınır, gətirilir. “Bir sözlə, biz bütün bu işləri ona görə edirik ki, daha güclü orduya malik olaq və öz ərazi bütövlüyümüzü bərpa edək”, - o vurğulayıb.
Dövlət başçısı Cəmşid Naxçıvanski adına Hərbi Liseyin şəxsi heyətini Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.
İyunun 26-da İlham Əliyev Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyində yenidənqurma və əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov prezidentə məlumat verib ki, Hərbi Liseyin ərazisində qərargah binası, kursant yataqxanası, tibb məntəqəsivə digər binalar inşa edilib. **
F.İsazadə