“Azərbaycan” dəmiryol-avtomobil-sərnişin bərəsinin cari ilin sonunda istifadəyə verilməsi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Dəniz Mühəndisliyi Bürosu”ndan (“Морское Инженерное Бюро”) məlumat verilib.
"Bakı Gəmiqayırma Zavodu CNF18C layihəsi çərçivəsində Xəzər dənizi üçün “Azərbaycan” bərəsinin tikintisini başa çatdırır. Layihə “Dəniz Mühəndisliyi Bürosu” tərəfindən hazırlanıb. Hazırda tikinti işləri 76% icra olunub. Bərənin 2019-cu ilin sonunda istifadəyə verilməsi planlaşdırılır", - deyə məlumatda bildirilir.
CNF18C layihəsi çərçivəsində “Akademik Zərifə Əliyeva” bərəsinin inşası üzrə işlər isə 48% yerinə yetirilib.
CNF18C layihəsi üzrə “açıq” tipli yeni bərə 100 sərnişin, 56 vaqon və yük (təhlükəli yüklər daxil olmaqla) avtomobillərinin (50 avtoqatar) daşınması üçün nəzərdə tutulub.
“Azərbaycan” gəmisinin təməli 2017-ci il dekabr ayının 9-da, “Akademik Zərifə Əliyeva” gəmisinin təməli isə 2018-ci il martın 4-də qoyulub.
Prezident İlham Əliyev 2013-cü il oktyabr ayının 22-də Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkil olunması yolu ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yaradılması haqqında sərəncam imzalayıb.*
N.Abbasova