2019-cu ilin yanvar-may aylarında Azərbaycanın sənaye sahəsinə investisiya qoyuluşları ötən ilin analoji dövrü ilə müqayisədə 19,5% - 2 mlrd. 453 mln. manatadək azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, yanvar-may aylarında Azərbaycan iqtisadiyyatına bütün investisiya qoyuluşlarının 48,7%-i sənaye sahəsinə yönəldilib.
Hesabat dövründə mədənçıxarma sənayesinə investisiya qoyuluşları 1 mlrd. 834,8 mln. manat (azalma 21,3%) təşkil edib.
Emal sənayesinə 305,7 mln. manat (artım 37,7%) həcmində investisiya qoyulub.
Elektrik enerjisi, qaz istehsalı və bölüşdürülməsi sahəsinə investisiya qoyuluşları 158,5 mln. manat (artım 7,5%) məbləğində olub.
Bundan başqa, yanvar-may aylarında nəqliyyat və anbar təsərrüfatı sahəsinə 749,7 mln. manat (artım 7,6%), rabitə və informasiya sahəsinə 132,6 mln. manat (artım 2,1 dəfə), dövlət idarəçiliyi, müdafiə və icbari sosial təminat sahəsinə 133,3 mln. manat (azalma 0,2%), təhsil sahəsinə 100,4 mln. manat (artım 2,6 dəfə) investisiya qoyuluşu həyata keçirilib.
Qalan investisiyalar iqtisadiyyatın digər sektorlarının payına düşüb.
2018-ci ildə sənaye sahəsinə investisiya qoyuluşları 8 mlrd. 653,8 mln. manat məbləğində olub ki, bu da 2017-ci ilin göstəricisindən 21,1% azdır.*
B.Rüstəmbəyov