Azərbaycan daha çox sayda rusiyalı turistlər qəbul etmək iqtidarındadır. Bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid deyib.
“Biz bu gün regionda fomalaşan geosiyasi vəziyyətdən istifadə etməliyik. Ölkəyə Rusiya və İrandan daha çox sayda turistlərin cəlb olunması üçün imkanlar açılır”, - Zenqstşmid bu gün Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının birinci assambleyasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan daha çox sayda xarici turistlərin qəbulu üçün imkanlara malikdir.
“Saytların birincə yayılan məlumata görə, guya biz Rusiyadan qonaqları qəbul edə bilməyəcəyik. Bu belə deyil. Bizdə onların qəbulu üçün bütün imkanlar mövcuddur”, - Zenqstşmid qeyd edib.
O vurğulayıb ki, ATB Assosiasiyanın fəaliyyəti üçün əlindən gələn dəstəyi göstərəcək. “Yaxın perspektivdə qarşımızda bir neçə vəzifə durur. Bu nəinki ölkəyə turist axının artırılması, həm də turistlərə göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasıdır”, - Zenqstşmid bildirib.
2018-ci ildə Azəbaycana 2 mln. 844,889 min xarici turist gəlib, bu da 2017-ci ilin göstəricisindən 6% çoxdur. Azərbaycana səfər edən turistlərin yarısından çoxu Rusiya və Gürcüstanın payına düşüb. Bu ölkələrdən gələnlərin sayı 3% və 13,5% artaraq müvafiq olaraq 878,391 min nəfər və 610,124 min nəfər təşkil edib. **
R.Babayev