Azərbaycan parlamenti cümə axşamı keçirilən plenar iclasda “Məhkəmələr və hakimlər haqqında”qanununda ixtisaslaşmış kommersiya məhkəmələrin yaradılmasını nəzərdə tutan dəyişiklikləri birinci oxunuşda qəbul edib.
Qanunda dəyişikliyə əsasən, inzibati-iqtisadi məhkəmələr anlayışı ləğv olunur.
Dəyişikliklər inzibati məhkəmələrin saxlanması və ayrıca kommersiya məhkəmələrin yaradılmasını nəzərdə tutur.
Kommersiya məhkəmələri birinci instansiya məhkəmələr hesab olunacaq və sədr və hakimlərdən ibarət oalcaq. Əgər hakimlərin sayı 11 nəfəri keçərsə, o zaman kommersiya məhkəməsi sədrinin müavini vəzifəsi təsis olunur.
Bundan əlavə, bu gün Azərbaycan parlamenti Vergi Məcəlləsinə dəyişiklikləri birinci oxunuşda qəbul edib. Həmin dəyişikliklərə əsasən, Azərbaycanda hakimlərə bütün kompensasiya ödənişləri mənfəət vergisindən azad olunacaq.
Azərbaycan prezidenti İlham Əliyev 2019-cu il aprelin 3-də Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərman imzalayıb.
Fərmanda qeyd olunur ki, sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmə yaradılacaq.
Həmçinin fərmanda bildirilir ki, hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və belə müdaxiləyə görə məsuliyyətin artırılması labüddür.
Bundan əlavə, hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların maddi təminatının əhəmiyyətli dərəcədə artırılması tapşırılıb.
Bu islahatlar çərçivəsində Azərbaycanda hakimlərin sayının 200 nəfər – 800-ə qədər artacağı nəzərdə tutulur. **
Ə.Məmmədov