Monteneqronun baş naziri Duşko Markoviç tezliklə ölkəsinin Azərbaycanda səfirliyinin açılacağına əmindir.
"Əlaqələrimizin inkişaf dinamikasını nəzərə alaraq, əminəm ki, Monteneqronun Azərbaycanda səfirliyinin açılması məsələsi çox yaxında öz həllini tapacaq. Münasibətlərimiz də bizə belə bir zərurəti diktə edir", - deyə D.Markoviç “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Monteneqro səfirliyin açılması üçün maddi və maliyyə zəminləri yaratmalıdır. "Əminəm ki, çox keçməyəcək və Bakıda səfirliyin açılması məsələsi həll olunacaq", - deyə siyasətçi vurğulayıb.
Markoviç, həmçinin Podqoritsanın Azərbaycanla müntəzəm və birbaşa uçuşların təşkilində, eləcə də iki ölkə arasında viza rejiminin ləğv edilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
"Çarter reysləri açılıb və fəaliyyət göstərir. Ancaq biz müntəzəm reysin yaradılmasında maraqlıyıq və bunun üzərində işləyəcəyik", - deyə baş nazir bildirib.*
F.İsazadə