Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və İsveçrənin Turqau Kantonunun Ticarət və Sənaye Palatası arasında Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
“İyunun 27-də İsveçrədə AZPROMO və Turqau Kantonunun Ticarət və Sənaye Palatası arasında Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandumda iqtisadi əməkdaşlığın inkişafı üçün qarşılıqlı dəstək, təcrübə mübadiləsi, hər iki ölkənin sahibkarları arasında əlaqələrin genişləndirilməsi, yeni əlaqələrin yaradılması və s. məsələlər nəzərdə tutulub”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Turqau Kantonunun Ticarət və Sənaye Palatası 600-dən çox yerli şirkəti özündə birləşdirir və sənaye, ticarət və xidmət sahələrində fəaliyyət göstərən sahibkarlara müxtəlif xidmətlər göstərir.
İyunun 27-də Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyinin və AZPROMO-nun təşkilatçılığı ilə İsveçrənin Sürix şəhərində İsveçrə-Azərbaycan biznes forumu keçirilib.
“Cənubi Qafqaz bazarları - MDB, Yaxın Şərq və Avropaya qapıdır” mövzusunda təşkil olunan tədbirdə Azərbaycan və İsveçrə tərəfdən rəsmi şəxslərlə yanaşı, energetika, kənd təsərrüfatı, tikinti, turizm, İKT, səhiyyə, qida sənayesi və s. sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib.
AZPROMO-nunrəhbəri vəzifəsini icra edən Yusif Abdullayev Azərbaycan iqtisadiyyatı, ölkəmizdə sahibkarlıq sahəsində aparılan islahatlar, biznes və investisiya mühiti barədə məlumat verib.
O, İsveçrə iş adamlarını Azərbaycanda yaradılmış əlverişli işgüzar şəraitdən yararlanaraq müxtəlif sahələrə investisiya yatırmağa dəvət edib.*
B.Rüstəmbəyov