Sahibkarlığın İnkişafı Fondu (SİF) 2019-cu ilin əvvəlindən 47,9 mln. manat güzəştli kredit verib. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
“İnvestisiya dəyəri 176,5 mln. manat olan 493 investisiya layihəsinin maliyyələşdirilməsinə 47,9 mln. manat güzəştli kredit ayrılıb. Bu layihələrin reallaşdırılması 1,8 mindən çox yeni iş yerinin açılmasına imkan yaradacaq”, - deyə məlumatda bildirilir.
Bu gün Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 23 sahibkara 1,5 mln. manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, turizm, heyvandarlıq, bağçılıq və s. sahələrin inkişafına yönəldiləcək.
Ümumilikdə, indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2,4 min investisiya layihəsinin maliyyələşdirilməsinə 118,1 mln. manat güzəştli kredit verilib.
Xəbər verildiyi kimi, 2018-ci il avqustun 1-də prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilib və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) publik hüquqi şəxs təsis edilib. Fondun nizamnamə kapitalı 1 mlrd. 94 mln. 254,581 min manatdır.
2018-ci ildə fondun xətti ilə sahibkarlara 160,2 mln. manat güzəştli kredit verilib. 2019-cu ildə bu məbləğ ən azı 160 mln. manat təşkil edəcək.
SİF 3 il müddətinə 5 min manatdan 50 min manatadək, 5 il müddətinə 50 min manatdan 1 mln. manatadək və 10 il müddətinə 1 mln. manatdan 10 mln. manatadək kredit verir. Kreditlər illik 5%-lə verilir.*
B.Rüstəmbəyov