SOCAR şirkəti (ARDNŞ) cari həftə Bakı-Novorossiysk neft kəməri ilə ixracı bərpa edəcək. Bunu “İnterfaks-Azərbaycan”a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili Departamentinin rəis müavini İbrahim Əhmədov deyib.
“Hazırda Bakı-Novorossiysk kəməri ilə Azərbaycan neftinin ixracı həyata keçirilmir. SOCAR cari həftə “şimal” marşrutu ilə ixracı bərpa edəcək”, - Əhmədov bildirib.
Öncə “Transneft” şirkətinin vitse-prezidenti Sergey Andronova istinadən məlumat verilib ki, iyulun 1-dən etibarən SOCAR Bakı-Novorossiysk neft kəməri ilə neft nəqlini bərpa edəcək.
Andronovun sözlərinə görə, üçüncü rübdə nəql üçün 320 min ton həcmində neft bəyan edilib. Bəyan edilən illik həcm 1,3 mlrd. ton təşkil edir. Hələlik həcmin azalmasına dair dəyişiklik olmayıb.
2019-cu ilin mart ayında SOCAR Bakı-Novorossiysk boru kəmərində planlı təmir işləri ilə əlaqədar neft ixracını dayandırıb. Təftiş və təmir işləri dövründə SOCAR-ın neft həcmləri Ceyhana yönəldiləcək.
Rusiya Energetika Nazirliyinin Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsi məlumat verib ki, cari ilin yanvar-aprel aylarında “Transneft” şirkətinin sistemi üzrə Azərbaycandan Novorossiysk limanına 249,71 min ton, o cümlədən apreldə 173 ton neft nəql olunub.
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Adnan Əhmədzadəyə istinadən verilən məlumata görə, Azərbaycan 2019-cu ildə Bakı-Novorossiysk kəməri ilə 1,5 mln. tona qədər neft nəql edəcək.
Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk kəməri ilə nəql edir.**
N.Abbasova