Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) iyulun 1-dən “Şahdəniz-2” layihəsi çərçivəsində çıxarılan Azərbaycan qazının Avropaya nəqli üçün tam hazırdır. Bu barədə SOCAR-ın məlumatında deyilir.
“TANAP 1 iyul 2019-cu il tarixindən etibarən Azərbaycan qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. Dəhlizin son seqmenti olan TAP boru kəməri layihəsi də tamamlandıqdan sonra Azərbaycanın “Şahdəniz-2” layihəsi çərçivəsində çıxarılan təbii qaz TANAP və TAP kəmərləri vasitəsi ilə Avropaya nəql ediləcək, ölkəmizin gəlirlərini artıraraq, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək”, - deyə məlumatda bildirilir.
“Cənub Qaz Dəhlizi və TANAP bu gün artıq reallıqdır. Ötən il TANAP üzərindən Türkiyəyə ilk qazın nəqlinə başladıq. Bu gün isə TANAP artıq Avropaya da təbii qazın ötürülməsi üçün tam hazır vəziyyətdədir və yalnız TAP boru kəmərində aparılan işlərin sona çatmasını gözləyirik”, - deyə SOCAR-ın prezidenti Rövnəq Abdullayev vurğulayıb.
Məlumatda qeyd olunur ki, SOCAR TANAP-ın icrasında öz tərəfdaşları ilə birlikdə 5 milyard dollara yaxın vəsaitə qənaət edərək, layihənin ümumi xərclərini 40% azaltmağa nail olub.
Xəbər verildiyi kimi, TANAP-ın birinci fazası (Gürcüstan-Türkiyə sərhədindən Əskişəhərədək) 2018-ci il iyunun 12-də işə salınıb. Türkiyəyə ilk kommersiya qazının tədarükünə ötən il iyunun 30-dan başlanılıb.
Ümumi uzunluğu 1,85 min kilometr olan TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcək. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək. Gələcəkdə boru kəmərinin ötürmə qabiliyyəti illik 24 mlrd. kubmetrə, daha sonra isə 31 mlrd. kubmetrə çatdırılacaq.
Hazırda TANAP layihəsində şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR - 51%, SOCAR Turkiye Enerji (7%), BOTAS - 30%, BP - 12%. Trans-Anadolu qaz kəməri layihəsinin dəyəri $7 mlrd. təşkil edir.*
N.Abbasova