2019-cu ilin yanvar-may aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) agent bankları tərəfindən 93,8 mln. manat məbləğində ipoteka krediti verilib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 4,7% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Eyni zamanda, may ayında Fondun agent bankları tərəfindən 20,2 mln. manat məbləğində ipoteka krediti verilib.
AMB-nin məlumatına görə, 2019-ci ilin yanvar-may aylarında İKZF 121,6 mln. manat krediti təkrar maliyyələşdirib (2018-ci ilin yanvar-aprel ayları ilə müqayisədə artım 39,9% - İF).
May ayında fond sosial ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 20 mln. manat əldə edib.
Bu dövrdə həmçinin Fond istiqrazların yerləşdirilməsindən 40 mln. manat cəlb edib.
2018-ci ildə fondun agent bankları tərəfindən 272,5 mln. manat məbləğində ipoteka krediti verilib.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimum məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.**
Ə.Məmmədov