Ekologiya və Təbii Sərvətlər Nazirliyi plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin monitorinqi və qiymətləndirilməsinə təxminən 154 min manat yönəldəcək.
www.tender.gov.az saytında verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin monitorinqinin və qiymətləndirilməsinin həyata keçirilməsi haqqında müqavilə bağlanıb. Müqavilənin dəyəri 153,964 min manatdır.
Qeyd edək ki, prezident İlham Əliyev 2019-cu il fevralın 7-də “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı”nı təsdiq edib.
Planın icrası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilib.
Bundan başqa, dövlət başçısı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsini həyata keçirməyi tapşırıb.*
N.Abbasova