Azərbaycanın Gəncə şəhəri ilə Ukraynanın Odessa şəhəri qardaşlaçacaq. Bu barədə Odessa şəhər şurasının beynəlxalq əməkdaşlıq və marketinq departamentinin direktoru Aleksandr Oleynikova istinadən «Vikna Odessa» informasiya agentliyi məlumat verir.
“Yaxın zamanda Odessanın yeni qardaşlamış şəhərləri olacaq. Xüsusilə, Batumi (Gürcüstan) ilə sazişin imzalanması ilə bağlı tarixin razılaşdırılması üzərində iş gedir. O cümlədən, Gəncə (Azərbaycan) və Marrakeş (Mərakeş) şəhərləri ilə qardaşlaşma münasibətlərinin qurulmasına dair danışıqlar aparılır”, - Oleynikov bu gün meriyada müşavirədə bildirib.
Bundan başqa, agentliyin məlumatına görə, Odessada qardaşlaşmış şəhərlərin və dost ölkələrin “yaşıl nümayəndəlikləri”nin açılışı ənənəsi davam etdiriləcək. Söhbət bağ, park və digər yaşıl zonalardan gedir.
“İstanbul və Yunanıstan parklarına əlavə olaraq Polşa, Yapon bağları, Azərbaycan parkı və Xayfa bağlarının yaradılacağı gözlənilir”, - nəşr qeyd edir. **
N.Abbasova