Azərbaycan OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin neft hasilatının azaldılmasının daha 9 ay uzadılması ilə bağlı təklifini dəstəkləyir. Bunu energetika naziri Pərviz Şahbazov deyib.
Xəbər verildiyi kimi, bu gün Vyanada OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin 15-ci iclasında mövcud kvotalara dəyişiklik edilmədən neft hasilatının azaldılmasına dair “Əməkdaşlıq Bəyannaməsi”nin icra müddətinin daha 9 ay uzadılması təklif edilib.
“P.Şahbazov çıxışı zamanı qeyd edib ki, Azərbaycan neft hasilatının məhdudlaşdırılması ilə bağlı razılaşmanın müddətinin uzadılması təklifini dəstəkləyir”, - deyə Energetika Nazirliyinin məlumatında qeyd olunur.
P.Şahbazov ötən ilin dekabrında qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi” üzrə öhdəliklərin artıqlaması ilə yerinə yetirilməsi nəticəsində neftin qiymətinin kəskin ucuzlaşmasının qarşısının alındığını deyib. Həm istehsalçı, həm də istehlakçıların maraqlarına cavab verən qiymət həddi formalaşıb.
Onun sözlərinə görə, mayın sonundan başlayaraq yenidən neftin ucuzlaşma tendensiyası müşahidə edilir. Bu il qlobal neft tələbatının ötən illə müqayisədə gündəlik 1 milyon 140 min barrel artması ilə bağlı proqnozlara rəğmən bazarda həddindən çox neft tədarükü var.
“İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neft ehtiyatları artmaqda davam edir. Qlobal neft təklifinin növbəti illərdə də tələbatı üstələyəcəyi gözlənilir. Ona görə də tənzimləmə tədbirlərini davam etdirməklə neft hasilatının məhdudlaşdırılması ilə bağlı razılaşmanın müddətinin uzadılmasına ehtiyac var”, - deyə nazir əlavə edib.
Neft hasilatının azaldılmasının daha 9 ay uzadılması ilə bağlı təklif bu gün OPEC Nazirlər Şurasının 176-cı iclasında da müzakirə ediləcək. Sabah isə OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin 6-cı görüşündə qərarın qəbul ediləcəyi gözlənilir.*
N.Abbasova