Rəsmi Tehran öz idmançılarının Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən Panermənistan oyunlarında iştirakını təkzib edir. Bu barədə İranın Bakıdakı səfirliyin yaydığı bəyanatda deyilir.
“İranın aidiyyətli orqanları bu məlumatı təsdiq etməyib və bu cür addımları dəstəkləmir. Əgər belə fakt varsa da, qanunsuzdur və dövlət buna icazə verməyib. Bu cür addımın fərdi qaydada həyata keçirilməsi mümkündür”, - səfirliyin məlumatında qeyd olunur.
“İki ölkə arasında dostluq münasibətlərini nəzərə alaraq, İranın səfirliyi öz idmançılarının bu oyunlarda fərdi qaydada iştirakına imkan verməmək üçün əlindən gələni edəcək”, - səfirlikdən vurğulanır.
Öncə Ermənistan mətbuatı 5-17 avqust tarixlərində Azərbaycanın işğal olunmuş ərazilərində keçiriləcək Panermənistan oyunları 2019-da iranlı idmançıların iştirakına dair məlumat yayıb.
Ermənistan KİV-in məlumatına görə, artıq İrandan 245 ərizə təqdim olunub: Təbrizdən – 36, İsfahan və Şahinşəhrdən – 39, Tehrandan – 170-ə yaxın. **
B.Rüstəmbəyov