Azərbaycan vətəndaşları 66 ölkəyə vizasız gedə bilərlər. Bu barədə “Henley & Partners” şirkətinin tərtib etdiyi “Pasportlar indeksi”ndə qeyd olunur.
“Cari ilin III rübündə Azərbaycan reytinqdə 78-ci yeri tutub. Hazırda Azərbaycan vətəndaşları 66 ölkəyə vizasız səfər edə bilərlər. 2009-cu ildə bu ölkələrin sayı 44, 5 il əvvəl isə 58 olub”, - deyə yenilənmiş "Pasportlar indeksi”ndə bildirilir.
Ötən rüb Azərbaycan 73-cü yerdə qərarlaşmışdı və respublika vətəndaşlarının vizasız səfər edə biləcəyi ölkələrin sayı 67-yə bərabər idi.
"Son aylarda Cibuti və Benin viza siyasətində dəyişiklik edib və indi Azərbaycan vətəndaşları elektron viza almalıdırlar. Eyni zamanda, Azərbaycan vətəndaşları Pakistana gəldikdən sonra vizanı rəsmiləşdirmək imkanı əldə ediblər", - deyə “Henley & Partners” vurğulayır.
İndeksdə birinci yeri Yaponiya və Sinqapur bölüşür. Bu ölkələrin vətəndaşları 189 ölkəyə vizasız səfər edə bilərlər. 2-ci yerdə Cənubi Koreya, Almaniya və Finlandiya (187 ölkə), 3-cü yerdə Danimarka, İtaliya və Lüksemburq (186 ölkə) qərarlaşıb.*
A.Əzizov