İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən kiçik və orta sahibkarlara verilən kreditlər üzrə zəmanətlərin həcmi 31,099 mln. manat məbləğində qiymətləndirilir.
Bu barədə fondun saytında məlumat verilir.
İKZF kreditlər üzrə zəmanətlərin verilməsinə 2018-ci ilin iyun ayında başlayıb. Ötən ilin sonuna kiçik və orta sahibkarlara verilən kreditlər üzrə zəmanətlər 17,5 mln. manat məbləğində qiymətləndirilib.
Xəbər verildiyi kimi, “Fitch” beynəlxalq reytinq agentliyi 2019-cu ildə zəmanətlərin həcminin 265 mln. manatadək artacağını gözləyir.
Şərtlərə görə, fond 30 min manatdan 3 mln. manatadək məbləğdə olan kreditlərə zəmanət verə bilər. Bu halda kreditin müddəti 7 ildən, kredit üzrə güzəştli dövr isə 2 ildən çox olmamalıdır.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb. Fondun elan olunmuş nizamnamə kapitalı 566 mln. manat təşkil edir.*
N.Abbasova