Azərbaycan mədəniyyət mülkiyyətinin qorunmasına aid müvafiq beynəlxalq konvensiyaların səmərəli icrasında çox maraqlıdır və UNESKO bu baxımdan mühüm rol oynamalıdır. Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva belə hesab edir.
“Dünyanın mədəni irsinin qorunması Azərbaycan ilə UNESKO arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir. Eyni zamanda, bizim tarixi, dini və memarlıq abidələrimizin qorunması, bərpası və saxlanması Azərbaycanın dövlət siyasətinin mərkəzində dayanır”, - deyə M.Əliyeva Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, son 5 il ərzində Azərbaycanda 40 tarixi abidə bərpa edilib. UNESKO ilə məhsuldar əməkdaşlığın nəticəsi olaraq Azərbaycanda iki sahə - İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Zəngin və qədim mədəniyyətimizin digər mühüm elementləri sırasında musiqi xəzinəmizin inciləri – muğam və aşıq sənəti, həmçinin bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.
M.Əliyeva əlavə edib ki, müharibələr və hərbi münaqişələr bəşəriyyətin mədəni irsinə hər zaman ciddi təhdid olub. “Hərbi təcavüz nəticəsində, eləcə də beynəlxalq hüququ və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobud şəkildə pozaraq Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizini, o cümlədən Dağlıq Qarabağı və yeddi ətraf regionu bu gün də işğal altında saxlamaqda davam edir. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Yüzlərlə tarixi və memarlıq abidəsi, muzeylər, məscidlər və digər dini məbədlər dağıdılıb, yaxud ciddi dağıntıya məruz qalıb. Bu səbəbdən Azərbaycan mədəniyyət mülkiyyətinin qorunmasına aid müvafiq beynəlxalq konvensiyaların səmərəli icrasında çox maraqlıdır. Düşünürəm ki, bu sahədə görüləcək işlər hələ də çoxdur və UNESKO bu baxımdan mühüm rol oynamalıdır”, - deyə birinci vitse-prezident vurğulayıb.*
A.Əzizov