Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakıda 59 çoxmənzilli binaları istismara qəbul edib. Bunu Komitə sədri Samir Nuriyev deyib.
“Dövlət başçısının "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" fərmanı çərçivəsində həyata keçirilən işlər nəticəsində artıq 59 layihə istismara verilib. Onlardan bəziləri bir, digərlıəri bir neçə binadan ibarətdir. Ümumilikdə, söhbət 11 mindən çox mənzilin istismara verilməsindən gedir”, - Nuriyev bu gün jurnalistlərə bildirib.
O əlavə edib ki, fərmanın icrası üzrə işlərin 2019-cu ilin sonunadək başa çatdırılması planlaşdırılır.
“Bizim hələ 400-ə yaxın layihəmiz qalıb, müvafiq orqanların yoxlamalarının nəticələrini gözləyirik. Bundan sonra digər müvafiq binaları istismara qəbul edəcəyik. Düşünürəm ki, bütövlükdə proses ilin sonunadək başa çatacaq”, - Nuriyev əlavə edib.
O vurğulaylb ki, 2019-cu ilin əvvəlindən həmçinin tikintisi və istifadəyə verilməsi ilə problemləri olmayan 15 çoxmənzilli bina istismara qəbul olunub.
Azərbaycan prezidenti İlham Əliyev 19 fevralı 2019-cu il tarixində “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən, Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə etməyi tapşırıb. **
Ə.Məmmədov