Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2020-2021-ci illərdə Azərbaycanın 16 şəhərinin baş planını hazırlamağı planlaşdırır. Bunu Komitə sədri Samir Nuriyev deyib.
“Hazırda 3 şəhərin (Ağcabədi, Biləsuvar və Göyçay - İF) baş planı təsdiqini gözləyir. Düşünürük ki, onlar yaxın zamanda təsdiq ediləcək. Bundan başqa, daha 7 şəhərin (Bakı, Daşkəsən, Kürdəmir, Saatlı, Sabirabad, Şabran və Tərtər - İF) baş planının hazırlanmasına başlamışıq. Gələcək 2 il ərzində daha 9 şəhərin baş planının hazırlığına başlayacağıq”, - Nuriyev bu gün jurnalistlərə bildirib.
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Baş Plan şəhər ərazisi daxilində torpaqlardan şəhərsalma məqsədləri baxımından istifadə növlərini müəyyənləşdirir və növbəti 20 il ərzində şəhərin inkişafında iştirak edən bütün qurumlar tərəfindən bu istiqamətdə fəaliyyətdə rəhbər tutulacaq əsas sənəddir. **
Ə.Məmmədov