Azərbaycanda aparılan vergi islahatları qeyri-neft sektorundan daxilolmaların artımına səbəb olub. Bu barədə Vergilər Nazirliyinin məlumatında deyilir.
2019-cu ilin yanvar-may aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 3 mlrd. 139,3 mln. manat vergi daxil olub, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 8,3% artıb.
Əsas vergilər üzrə cəmi vergi daxilolmalarında ƏDV üzrə göstərici 24,9%-dən 25,3%-ə, aksiz vergisi üzrə göstərici 7,1%-dən 7,4%-ə, mənfəət vergisi üzrə göstərici 36,4%-dən 38,2%-ə qalxıb.
Beləliklə, ƏDV və mənfəət vergisi 5 ay ərzində vergi yığımlarının 63,5%-ni təşkil edib.
“ƏDV daxilolmalarında artım 18,3%, mənfəət vergisi üzrə 33,7%, əmlak vergisi üzrə 13,3%, dövlət rüsumları üzrə 63,2%, sair daxilolmalar üzrə 45,1%, mədən vergisi üzrə 18%, aksizlər üzrə isə 4,6 dəfə təşkil edib”, - deyə məlumatda bildirilir.
2019-cu ilin yanvar-may aylarında dövlət büdcəsinə köçürmələr üzrə plan 110,1% yerinə yetirilib. Bütövlükdə, cari ildə Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə köçürmələr üzrə plan 7 mlrd. 316 mln. manat məbləğində müəyyən edilib.*
Ə.Məmmədov