OPEC+ sazişinin uzadılması çərçivəsində Azərbaycanda neft hasilatı 776 min barel təşkil edəcək. Bu barədə Energetika Nazirliyindən məlumat verilir.
“Bu gün Vyanada OPEC+ ölkələrinin iclasında neft hasilatının azaldılmasına dair razılaşmanın müddətinin 31 mart 2020-ci ilədək uzadılması ilə bağlı razılıq əldə edilib. Eyni zamanda, 2018-ci ilin dekabr ayında qəbul edilmiş qərara əsasən, Azərbaycanın kvotası dəyişməz qalır”, - nazilrikdən qeyd olunur.
2018-ci il dekabrın 7-də əldə olunmuş OPEC+ razılaşmasına əsasən, OPEC üzvləri neft hasilatını sutkada 800 min barrel, kartelə daxil olmayan ölkələr isə 400 min barrel azaltmaqla bağlı öhdəlik götürüb.
OPEC+ sazişi çərçivəsində Azərbaycan 2019-cu ildən etibarən gündəlik neft hasilatını 2018-ci ilin sentyabr ayının göstəricisinə nisbətən 20 min barrel - 776 min barrelədək azaltmalıdır.
Cari ilin yanvar-may aylarında respublikada orta gündəlik neft hasilatı 771,2 min barrel təşkil edib.
2018-ci ildə Azərbaycanda gündəlik neft hasilatı 792,6 min barrel təşkil edib.**
N.Abbasova