Xarici işlər naziri Elmar Məmmədyarov Peruda keçiriləcək Sakit okean Alyansının (Pacific Alliance) 14-cü Zirvə görüşündə iştirak edəcək. Bu barədə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“İyulun 5-6-da Limada keçiriləcək Zirvə görüşündə Sakit okean Alyansına üzv ölkələrin (Meksika, Kolumbiya, Peru və Çili) prezidentlərinin və müşahidəçi ölkələrin rəsmiləri iştirak edəcək”, - deyə məlumatda bildirilir.
Zirvə görüşü çərçivəsində üzv ölkələrlə müşahidəçi statusuna malik ölkələr arasında nəqliyyat, innovasiya və yüksək texnologiyalar, mədəniyyət, turizm, tibb, təhsil və digər sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə olunacaq.
“Sakit okean Alyansının Zirvə görüşündə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı, Avropa İttifaqı, ATƏT və Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatının nümayəndələri də iştirak edəcək”, - deyə məlumatda qeyd olunur.
Azərbaycan Sakit okean Alyansının mayın 10-da Meksikanın Mexiko şəhərində keçirilən Nazirlər Şurasının növbəti görüşündə müşahidəçi statusu alıb. Hazırda alyansın 57 müşahidəçi üzvü var.*
B.Rüstəmbəyov