2014-2018-ci illər ərzində “Azəri-Çıraq Günəşli”, “Şahdəniz” yataqlarının işlənməsi, Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz boru kəmərlərinin tikintisi layihələrinə $35,398 mlrd. məbləğində investisiya qoyulub. Bu barədə “2018-ci ildə BP şirkətinin Azərbaycanda dayanıqlı inkişafı haqqında” hesabatında məlumat verilir.
“2014-2018-ci illər ərzində AÇG, “Şahdəniz”, BTC və Cənubi Qafqaz boru kəməri layihələrinin həyata keçirilməsinə yatırılan investisiyaların ümumi həcmi $35 mlrd. 398 mln., o cümlədən əsaslı investisiyalar $28 mlrd. 657 mln., istismar üçün investisiyalar $6 mlrd. 741 mln. təşkil edib”, - deyə hesabatda bildirilir.
BP-nin məlumatına görə, işlənməyə başlanıldığı dövrdən (1997-ci ilin noyabr ayı – İF) 2019-cu il yanvarın 1-nə qədər AÇG blokundan 474,5 mln. ton neft hasil edilib. Bununla yanaşı, istifadəyə verildiyi dövrdən “Çıraq” platformasından 97,5 mln. ton, “Mərkəzi Azəri” yatağından 120 mln. ton , “Qərbi Azəri” yatağından 108,4 mln. ton, “ Şərqi Azəri” yatağından 63,5 mln. ton, “Günəşli” yatağının dərinsulu hissəsindən 64,8 mln. ton, “Qərbi Çıraq” yatağından 20,4 mln. ton neft hasil edilib.
“2018-ci ilin sonuna olan vəziyyətə görə, AÇG blokunda 117 hasilat və 44 suvurma və 7 qazvurma quyusu istismarda olub”, - deyə sənəddə vurğulanır.
Hesabata əsasən, istismara verildiyi 2006-cı il noyabr ayının 24-dən 2018-ci ilin sonuna qədər “Şahdəniz” yatağından 100 mlrd. kubmetr qaz və 24,6 mln. ton kondensat hasil edilib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə layihənin iştirakçıları Britaniyanın BP (30,37%), Amerikanın “Chevron” (9,57%), “ExxonMobil” (6,79%), Hindistanın “ONGC Videsh Limited” (2,31%), Yaponiyanın “Inpex” (9,31%), “Itochu” (3,65%), Azərbaycanın SOCAR (25%), Norveçin “Statoil” (7,27%), Türkiyənin TPAO (5,73%) şirkətləridir.
Yeni saziş çərçivəsində 2050-ci ilədək sərmayə qoyuluşu $43 mlrd. məbləğində qiymətləndirilir. Proqnozlara görə, 500 mln. tondan çox neft hasil olunacaq.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.*
N.Abbasova