Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsininhəllində ABŞ-ın səylərinə böyük ümidlər bəsləyir.
İ.Əliyev Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin prezidenti Donald Trampı təbrik edib.
“Biz münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə, Helsinki Yekun Aktının müddəalarına əsasən ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə və ədalətli şəkildə həllində ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın ardıcıl və qətiyyətli mövqeyinə və şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik”, - deyə təbrik məktubunda bildirilir.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarını dostluq və əməkdaşlıq münasibətləri birləşdirir.
“Qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığımız strateji tərəfdaşlıq xarakteri daşıyır. Biz beynəlxalq təhlükəsizliyin təmin edilməsi, terrorizmə qarşı mübarizə məsələlərində çoxtərəfli qaydada fəaliyyətimizi bundan sonra da qətiyyətlə davam etdirmək əzmindəyik. Təşəbbüsçüsü olduğumuz və müvəffəqiyyətlə gerçəkləşdirdiyimiz Cənub Qaz Dəhlizi layihəsi isə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfədir. Enerji mənbələrinin və nəqlinin şaxələndirilməsinə xidmət edən layihələrimizin Birləşmiş Ştatlar tərəfindən dəstəklənməsi bizim üçün çox əhəmiyyətlidir”, - deyə İ.Əliyev vurğulayıb.
O, Trampa möhkəm cansağlığı və işlərində uğurlar diləyib.*
B.Rüstəmbəyov