UNESCO-nun Bakıda keçirilən Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək üçün Ermənistan tərəfinin əlavə təhlükəsizlik zəmanəti tələb etməsi Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil edilən növbəti beynəlxalq tədbirdə iştirakdan yayınmaq məqsədilə bu ölkənin siyasi qərarından başqa bir şey deyil. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva deyib.
“Əgər Ermənistan XİN-i hələ də Ümumdünya İrs Komitəsinin sessiyasının keçirilməsinin texniki qayda və prosedurları barədə məlumatlı deyilsə, o zaman onların bu kimi tədbirlərin bütün iştirakçılarına ümumi və universal zəmanətlərin verildiyi və ölkələrə ayrılıqda xüsusi qeyd-şərtlərin tətbiq edilmədiyini öyrənmək məqsədilə UNESCO Katibliyinə müraciət etmələri yaxşı olardı”, - deyə L.Abdullayeva UNECCO-nun Bakıda keçirilən Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Ermənistanın iştirak etməməsi barədə suala cavab verərkən bildirib.
O qeyd edib ki, ev sahibi qismində Azərbaycan və UNESCO arasında müvafiq saziş imzalanıb.
“Qeyd olunan sazişdə hər hansı istisna olmadan tədbirin bütün iştirakçılarının təhlükəsizlik zəmanəti ilə təmin edilməsi də daxil olmaqla, müvafiq təşkilati məsələlər öz əskini tapıb”, - deyə mətbuat katibi vurğulayıb.*
B.Rüstəmbəyov