"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin törəmə şirkəti olan "ADY Container" MMC Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ilə birgə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu vasitəsilə Azərbaycan karbamidinin konteynerlərdə Türkiyəyə ilk nəqlini həyata keçirib. Bu barədə ADY-nin məlumatında deyilir.
“Konteynerlərdə nəql edilən ilk partiyanın alıcısı BGN şirkətidir. Nəql "SOCAR Carbamide" zavodunda palletlərdəki karbamid dolu kisələrin konteynerlərə yüklənməsi yolu ilə həyata keçirilib. Yüklənmiş konteynerlər Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Türkiyəyə göndərilib”, - deyə məlumatda bildirilir.
“SOCAR Carbamide” zavodu iyunda karbamid ixracına başlayıb.
"SOCAR Carbamide" zavodu 2019-cu il yanvarın 16-da istismara verilib. Müəssisə ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarətdir, gündəlik istehsal gücü 1,2 min ton ammonyak və 2 min ton karbamiddir. Zavodun karbamid ixracından illik $160 mln. gəlir əldə edəcəyi proqnozlaşdırılır.
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı 2017-ci il oktyabrın 30-da keçirilib. İlkin mərhələdə yük daşımalarının həcmi illik 6,5 mln. ton səviyyəsində olacaq, eləcə də 1 mln.-a qədər sərnişin daşınacaq.*
N.Abbasova