Norveçin “Equinor” şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən “Aypara” perspektiv strukturunda birinci kəşfiyyat quyusunda qazma işləri zamanı problemlərin yaranmayacağına ümid edir. Bunu şirkətin qazma meneceri Arne Reydar Holvik deyib.
“Bu yerlərdə havanın temperaturu və təzyiq yüksək deyil, buna görə qazma işləri çətinlik yaratmamalıdır. Qazma zamanı biz məhsuldar layı maksimum dərəcədə öyrənməyi planlaşdırırıq”, - deyə o, bu gün Bakıda Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin ictimai dinləmələrində bildirib.
Menecerin sözlərinə görə, kəşfiyyat quyusunun qazılması üçün nəzərdə tutulan yarımdalma üzən qazma qurğusu (“Dədə Qorqud” - İF) hazırda modernləşdirilir və cari ilin sonu – gələn ilin əvvəlində qazma nöqtəsinə gətiriləcək.
“Quyunun layihə dərinliyi 3900 metrdir. Qazma işləri 60-70 gün davam edəcək. Qazma aparılacaq yerdə dənizin dərinliyi 140 metrdir", - deyə A.Holvik qeyd edib.
2018-ci il mayın 31-də Bakıda SOCAR və “Equinor” arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Əşrəfi-Dan Ulduzu-Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” (HPBS) haqqında saziş və “Xəzər dənizinin Azərbaycan sektorundakı“Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” (RXS) haqqında saziş imzalanıb. Layihələrin icrası üçün “Equinor” və SOCAR tərəfindən 50-50 birgə əməliyyat şirkəti yaradılıb.
Sazişlər iyunun 29-da Milli Məclisdə ratifikasiya edilib, iyulun 5-də qüvvəyə minib.
“Aypara” perspektiv strukturu “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan25km, Bakıdan isə90km məsafədə yerləşir.
“Əşrəfi-Dan ulduzu” blokunun işlənməsi haqqında müqavilə 1997-ci ildə SOCAR (20%), BР (30%), “Unocal” (25,5%), “Itochu” (20%) və “Delta HESS”(4,5%) arasında imzalanıb. Kəşfiyyat işləri çərçivəsində “Əşrəfi” yatağında 20-40 mln. ton karbohidrogen ehtiyatları aşkarlanıb. Müqavilə 2000-ci il martın 7-də hüquqi qüvvəsini itirib.*
B.Rüstəmbəyov