Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Almaniyanın DEG qrupu “Araz” supermarketlər şəbəkəsinə ticarət və anbar güclərinin genişləndirilməsi üçün 10 mln. avro kredit ayırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AYİB-dən məlumat verilib.
Maliyyə institutlarının hər biri 5 mln. avro ayırır.
“Bu kredit “Araz”a paylama mərkəzini, eləcə də anbar güclərini 3 dəfədən çox - 12,6 min kvadratmetrdən 42,6 min kvadratmetrədək genişləndirməyə imkan verəcək. Yeni genişləndirilmiş güclər təzə və dondurulmuş malların daha etibarlı saxlanılmasına, biznesin ümumi səmərəliliyinin və gəlirliliyinin artırılmasına, dövriyyə kapitalına nəzarətin yaxşılaşmasına xidmət edəcək”, - deyə məlumatda bildirilir.
AYİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri İvana Duarte vurğulayıb ki, AYİB “Araz” supermarketlər şəbəkəsini maliyyələşdirməklə ölkənin sürətlə inkişaf edən pərakəndə sektorunu dəstəkləyir. "Müasir pərakəndə əməliyyatlar yerli istehsalçılar üçün stimuldur, eləcə də böyük effektivliyi, qiymətlərin şəffaflığını, daha yüksək standartları, qida məhsulları və digər malların keyfiyyəti və təhlükəsizliyini təmin etməklə müştərilərə fayda verir”, - deyə o qeyd edib.
“Araz” supermarketlər şəbəkəsi “Araz” və “Spar” ticarət nişanları altında fəaliyyət göstərən 122 mağazadan ibarətdir.
Azərbaycan 1992-ci ildən etibarən AYİB-in üzvüdür. 31 yanvar 2019-cu il tarixinə AYİB Azərbaycanda 167 layihəni maliyyələşdirib. Həmin layihələrə ümumilikdə 3,2 mlrd. avro yatırılıb. Hazırda bank respublikada 44 layihə reallaşdırır və 1,4 mlrd. avro məbləğində aktiv portfelə malikdir. Bankın portfelinin 24%-i özəl sektorun, 2%-i isə kapitala qoyulan sərmayələrin payına düşür.*
Ə.Məmmədov