BP şirkəti Abşeron arxipelaqının dayazsulu hissəsində kəşfiyyat qazma işlərinin yekunları üzrə neft ehtiyatlarının aşkarlanacağını gözləyir. Bu barədə bu gün jurnalistlərə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons bildirib.
“Məlum olduğu kimi, biz Abşeron arxipelaqının dayazsulu hissəsinin işlənməsi haqqında müqavilə bağlamışıq. Bu, böyük potensiala malik müqavilədir. Müqavilə sahəsində kəşfiyyat işlərinin yekunları üzrə neft ehtiyatlarının aşkarlanacağını gözləyirik. Abşeron arxipelaqının dayazsulu hissəsində ilk kəşfiyyat quyusunun qazılmasına cari ilin sonuna yaxın başlamağı planlaşdırırıq”, - deyə Q.Cons qeyd edib.
O xatırladıb ki, kəşfiyyat qazma işlərinin həyata keçirilməsi üçün özüqalxan qazma qurğusu (“Satti” – İF) Azərbaycana gətirilib. “Qurğu müəyyən modernləşdirilmə işlərindən sonra “Abşeron” arxipelaqının dayazsulu hissəsində qazma əməliyyatlarına cəlb olunacaq”, - deyə regional prezident qeyd edib.*
N.Abbasova