Çinin “Xi’an Continental Bridge International Logistics Co. Ltd” şirkəti Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə hərəkət edən blok qatarını Azərbaycana yola salıb. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatında deyilir.
“Yaxın günlərdə Çindən yola düşən daha bir blok qatarı Azərbaycana çatacaq. Siandan gələn qatar 21 ədəd 45 futluq və 15 ədəd 40 futluq konteynerdən ibarətdir. Konteynerlər artıq Qazaxıstanın Aktau limanına çatıb və “Türküstan” fider gəmisi ilə Ələt limanına yola salınacaq”, - deyə məlumatda bildirilir.
Layihə bu ilin aprel ayının 24-də Pekində 2-ci “Bir kəmər, bir yol” Forumunda “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC və “Xi’an Continental Bridge International Logistics Co. Ltd” şirkəti arasında Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə hərəkət edən konteyner qatarlarının təşkili üzrə əməkdaşlıq çərçivəsində baş tutub. Hər iki şirkət 2019-cu ildə 30 konteyner qatarı (2460TEU) buraxmağı planlaşdırır.
Razılaşma, həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının nəqliyyat qovşağı kimi fəaliyyətinin genişləndirilməsində əhəmiyyətli rol oynayacaq.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu layihəsi Xəzər regionu ölkələrinin tranzit potensialının artırılması və inkişafına xidmət edir. Bu marşrut Çin-Qazaxıstan sərhədindən başlayaraq, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropa ölkələrinə qədər uzanır.*
N.Abbasova