Heydər Əliyev Beynəlxalq Aeroportu yeni bulud texnologiyalarını istifadəyə verib. Bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidmətindən məlumat verilib.
““Amadeus”şirkətinin baş vitse-prezidenti Tomas Lopez Fernebrandın başçılıq etdiyi nümayəndə heyəti Bakıda işgüzar səfərdə olub. “Amadeus”şirkəti aviadaşımalar və qlobal distribusiya sistemləri sahəsində dünyanın ən böyük İT xidmətləri təchizatçılarından biridir”, - deyə məlumatda bildirilir.
Səfər çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda tətbiq olunacaq yeni bulud texnologiyalarının istifadəyə verilməsi mərasimi baş tutub. Bakı aeroportu yeni informasiya bazasını, resursların idarə edilməsi və uçuşlar haqqında məlumatların əks olunma sistemlərini və s. idarə etmək imkanı əldə edib.
Məlumatda qeyd olunur ki, Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanı olub.
Bundan başqa, “Azərbaycan Hava Yolları” aviaşirkətində “Amadeus Altéa PSS” proqram təminatının tətbiqi barədə razılaşma imzalanıb. Saziş AZAL-ın prezidenti Cahangir Əsgərov və “Amadeus”un baş vitse-prezidenti Tomas Lopez Fernebrand tərəfindən imzalanıb.
“Yeni proqram təminatı AZAL aviaşirkətinə sərnişin xidmətlərini daha səmərəli şəkildə fərdiləşdirməyə icazə verəcək, bronlaşdırma sisteminin, inventar məlumat bazasının və gəlirlərin idarə edilməsi sisteminin funksionallığını keyfiyyət baxımından təkmilləşdirəcək”, - deyə məlumatda bildirilir.*
B.Rüstəmbəyov