Vergilər Nazirliyi Bakı şəhərinin iri marketlər şəbəkəsində quraşdırılmış yeni nəsil nəzarət-kassa aparatlarının nazirliyin informasiya sistemi ilə inteqrasiya edilməsi üzrə işləri cari ilin iyul ayında yekunlaşdıracaq.
“Vergilər Nazirliyi tərəfindən Azərbaycan Respublikasında yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi istiqamətində işlər davam etdirilir. Artıq Bakı, Gəncə və Sumqayıt şəhərlərində müvafiq fəaliyyət sahələrində yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi üzrə birinci mərhələ çərçivəsində işlər icra olunur. Bu aparatlar ilkin mərhələdə yanacaqdoldurma məntəqələrində və şəbəkə sistemli marketlərdə quraşdırılır”, - deyə nazirliyin məlumatında bildirilir.
“Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki"nin birinci mərhələsində “Bravo Supermarket”, “Bazarstore Supermarket”, “Al Market”, “Bizim Market”, “OBA Market”, “Araz Supermarket”, “Spar Supermarket”, “FAVORİT Supermarket”, “Neptun Market”, “Grand Mart”, “Avromart”, “Market FR”, “Səbət Market”, “Fresco Supermarket”, “Bolmart Supermaket”, “Port Baku Bazar”, “Megastore Market”, “Rahat Market”, “Kontinental Supermarket”, “West Mart”, “AİLƏ Supermarket”, “Sərham Market”, ”Caspian Cristal Gastranomy”, “Armo Store Market” mağazalar şəbəkələrinin inteqrasiyası nəzərdə tutulub.
Vergilər Nazirliyi bildirir ki, yeni kassa aparatlarından istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına, dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradacaq.
Yeni nəsil nəzarət-kassa aparatlarının quraşdırılmasından imtina edilməsi, quraşdırılmasından sonra kassalardan istifadə olunmaması və yaxud nağd hesablaşma qaydalarının pozulması halları vergi qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinə səbəb ola bilər.*
B.Rüstəmbəyov