Azərbaycan prezidenti İlham Əliyev Minsk şəhərində keçirilən II Avropa Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatları müəyyən edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Sərəncama əsasən, Minsk şəhərində keçirilən II Avropa Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilir: birinci yeri tutan hər bir idmançıya 50 min manat və yaxud $29,4 min (onun şəxsi məşqçisinə 25 min manat) ikinci yeri tutan hər bir idmançıya 30 min manat və ya $17,6 min (onun şəxsi məşqçisinə 15 min manat), üçüncü yeri tutan hər bir idmançıya 20 min manat və ya $11,8 minə yaxın (onun şəxsi məşqçisinə 10 min manat).
Bundan əlavə, milli yığma komandaların baş məşqçilərinə ən yüksək nəticə göstərmiş bir idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə) müküfat təqdim olunacaq.
Xəbər verildiyi kimi, Minsk şəhərində keçirilən II Avropa Oyunlarında Azərbaycan atletləri 28 medal qazanıb. Azərbaycan yığmasının aktivində 5 qızıl, 10 gümüş və 13 bürünc medal var.
II Avropa Oyunları 21-30 iyun tarixlərində Minsk şəhərində keçirilib. **
B.Rüstəmbəyov