Azərbaycan Çin ilə iqtisadi əməkdaşlığa böyük önəm verir. Bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.
“Cari ilin ilk 5 ayında Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1,1 milyard dollar təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,6% çoxdur. Ötən il iki ölkə arasında ümumi ticarət dövriyyəsi 1,3 milyard dollar təşkil edib”, - deyə o, bu gün Bakıda Çinin Sian vilayəti ilə Azərbaycan arasında ticarət və əməkdaşlıq forumunda bildirib.
Nazir müavini qeyd edib ki, Azərbaycan tərəfindən Çin iqtisadiyyatına yatırılan investisiyaların həcmi 1,7 milyard dollar olub. Çinli investorlar tərəfindən isə Azərbaycana 800 milyon dollar sərmayə qoyulub. Azərbaycanda Çin kapitallı 119 şirkət fəaliyyət göstərir.
N.Səfərov vurğulayıb ki, nəqliyyat, tranzit, sənaye, ticarət, investisiya və turizm sahələrində əməkdaşlığın inkişafı üçün yaxşı perspektivlər var.
O, həmçinin ölkədə həyata keçirilən iqtsadi islahatlar, mövcud biznes mühiti barədə məlumat verib.*
B.Rüstəmbəyov