Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşı rüşvət aldığına görə tutduğu vəzifədən azad edilib.
“Komitənin Daxili Təhlükəsizlik İdarəsinin əməkdaşlarının apardığı araşdırmalar nəticəsində Bakı Baş Gömrük İdarəsi Gömrük Əməliyyatları İdarəsi Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru, gömrük xidməti polkovnik-leytenantı Namiq Əsədovun "Liebherr-Azeri LLC" MMC-nin ünvanına Almaniya Federativ Respublikasından daxil olan malların gömrük rəsmiləşdirilməsini prosesini qısa müddət ərzində yekunlaşdırmaq müqabilində şirkət nümayəndəsindən qeyri-qanuni olaraq 350 manat tələb etdiyi müəyyən edilib”, - deyə məlumatda bildirilir.
N.Əsədov şirkət nümayəndəsinə tələb etdiyi qeyri-qanuni vəsaiti birbaşa deyil, broker şirkətlərində kompüter operatoru vəzifəsində çalışan şəxslər vasitəsilə çatdırmağı tapşırıb.
Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə N.Əsədov tutduğu vəzifədən azad edilib. Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.*
B.Rüstəmbəyov