Mayın 27-də Heydər Əliyev Mərkəzində XX əsrin ortalarında İrəvan qalasının məhv edilməsinə həsr olunmuş “Tarixin şah əsərləri” adlı sərgi açılıb.
Sərgi Gürcüstan Milli Muzeyindəki Azərbaycan və Şərq kolleksiyalarından ibarətdir. Sərgidə 300-dək eksponat təqdim edilir. Üç bölmədə Qacarlar sülaləsi zamanı yaradılan və toplanan qədim Azərbaycan incəsənəti, İrəvan xanlığının Sərdar sarayı kompleksindən məişət əşyaları və rəsm əsərlərinin kolleksiyası nümayiş olunur.
Ermənistan tərəfindən məhv edilmiş İrəvan xanlığının sarayından qalan nadir rəsm əsərlərində Şah Qacar, İrəvan hökmdarları və Şərq eposlarının qəhrəmanları təsvir olunub. Ekspozisiyada, həmçinin Azərbaycan panno rəngkarlığının banisi, Azərbaycan təsviri incəsənətinə böyük təsir göstərmiş ornament və portret ustası Mirzə Qədim İrəvaninin XIX əsrə aid yağlı boya ilə işlənmiş əsərləri sərgilənir. Burada rus fotoqraf Dmitri Yermakovun arxivindən əldə edilmiş və İrəvan qalasının, o cümlədən Sərdar sarayı və digər binaların – məscidlərin, karvansarayların məhv edilməsi prosesini müfəssəl şəkildə nümayiş etdirən fotosənədlərlə də tanış olmaq olar.
Sərgi oktyabrın 6-dək davam edəcək.*
F.İsazadə