Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan ilə Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın yeni tərkibini təsdiq edib.
Sərəncamın mətni bazar ertəsi dövlət başçısının saytında dərc olunub.
Komissiyanın həmsədri Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev təyin olunub.
Komissiyanın üzvləri siyahısına aşağıdakılar daxil edilib: xarici işlər nazirinin müavini, iqtisadiyyat nazirinin müavini, energetika nazirinin müavini, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini, mədəniyyət nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, təhsil nazirinin müavini, səhiyyə nazirinin müavini, gənclər və idman nazirinin müavini, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, Dövlət Turizm Agentliyinin sədri, Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini, Azərbaycan Respublikasının Serbiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri.
Öncə Komissiyanın həmsədri iqtisadiyyat naziri Şahin Mustafayev olub.
Azərbaycan ilə Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın son iclası 2018-ci ilin dekabr ayında Belqradda keçirilib. **
F.İsazadə