Azərbaycan Xarici İşlər Nazirliyinin əsas diplomatik vəzifəsi ölkə ərazilərinin Ermənistanın işğalından azad edilməsinə nail olmaqdır. Bunu Azərbaycan XİN başçısı Elmar Məmmədyarov deyib.
“Azərbaycan XİN dövlətin və milli maraqların müdafiəsi məqsədilə bundan sonra da müstəqil və çevik xarici siyasət yürüdəcək”, - Məmmədyarov bu gün Bakıda diplomatik xidmət orqanları rəhbərlərinin VI müşavirəsində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan diplomatiyasının əsas vəzifəsi “ölkə ərazilərinin Ermənistanın işğalından azad edilməsi və məcburi köpçkünlərin oz yurdlarına qayıtmasıdır”.
Məmmədyarov vurğulayıb ki, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpası, milli maraqlar çərçivəsində beynəlxalq meydanda qarşılıqlı səmərəli əməkdaşlıq xarici siyasətin prioritetləridir.
“Bu gün beynəlxalq birlik birmənalı şəkildə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir. BMT TŞ, BMT, ATƏT, Avropa Şurası, Aİ, NATO və s. kimi müxtəlif beynəlxalq təşkilatlar tərəfindən işğal olunmuş ərazilərdən Ermənistan silahlı qüvvələrin çıxarılmasını və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tələb edən qərarlar və qətnamələr qəbul olunub”, - XİN başçısı qeyd edib.
Nazir əlavə edib ki, Azərbaycan müxtəlif ölkələrlə tərəfdaşlıq əlaqələrinin inkişafı , həmçinin üçtərəfli və dördtərəfli formatda əməkdaşlığa yönələn siyasətini davam etdirəcək. **
F.İsazadə