2019-cu ilin birinci yarısında Trans-Anadolu Boru Kəməri (TANAP) vasitəsilə “Şahdəniz” yatağından hasil edilən 953,3 mln. kubmetr Azərabaycan qazı Türkiyəyə nəql edilib. Bu barədə “İnterfaks-Azərbaycan”a SOCAR-dan (Azərbaycan Dövlət Neft Şirkəti) məlumat verilir.
2018-ci ildə TANAP qaz kəməri ilə 961,4 mln. kubmetrə yaxın qaz nəql olunub. 2019-cu ilin birinci yarısında bu boru kəməri ilə tədarükün həcmi 953,3 mln. kubmetr təşkil edib”, - şirkətdən qeyd ediblər.
Beləliklə, qaz kəmərinin istismara verildiyi vaxtdan 1 mlrd. 867,9 mln. kubmetrə yaxın qaz nəql olunub.
Öncə “SOCAR Turkiye Enerji” şirkətinin (SOCAR-ın törəməsi, ARDNŞ) baş direktoru Zaur Qəhrəmanova istinadən məlumat verilib ki, cari il TANAP ilə 3 mlrd. kubmetr həcmində Azərbaycan qazının tədarükü nəzərdə tutulur. 2020-ci ildən etibarən TANAP ilə Azərbaycan qazının illik tədarük həcmi 6 mlrd. kubmetr təşkil edəcək.
SOCAR-ın proqnozlarına görə, TANAP qaz kəməri Türkiyənin qaza olan tələbatının 12%-ni təmin edəcək.
Xəbər verildiyi kimi, TANAP-ın birinci fazası (Gürcüstan-Türkiyə sərhədindən Əskişəhərədək) 2018-ci il iyunun 12-də işə salınıb. Türkiyəyə ilk kommersiya qazının tədarükünə ötən il iyunun 30-dan başlanılıb.
Ümumi uzunluğu 1,85 min kilometr olan TANAP qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub.
Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcək. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına nəql olunacaq. Layihənin dəyəri $7 mlrd.-dır.
TANAP layihəsinin səhmdarları SOCAR (51%), “SOCAR Turkiye Enerji” (7%), BOTAS (30%) və BP şirkətləridir (12%).** N.Abbasova