Avropa İttifaqı (Aİ) Azərbaycanla əməkdaşlığı dərinləşdirməyə hazırdır. Bunu Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Bakıda prezident İlham Əliyevlə danışıqların yekunları üzrə bildirib.
“Bu gün prezident Əliyevlə söhbətimizdə mən Aİ-nin Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduğunu diqqətə çatdıraraq, qanunun aliliyi, insan hüquqları və əsas azadlıqlara hörmətə böyük önəm verdiyimizi də vurğuladım. Aİ hesab edir ki, həqiqətən açıq cəmiyyət uzunmüddətli sabitliyin və bütün vətəndaşlar üçün yaxşı həyatın təminatçısıdır”, - deyə D.Tusk qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan və Aİ ildən-ilə daha da yaxınlaşır. "2018-ci ildə biz tərəfdaşlığımızın prioritetlərini təsdiq etdik. Vahid aviasiya məkanı barədə Saziş, eləcə də Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlarımız başa çatmaq üzrədir. İqtisadiyyatlarımız bunlardan faydalanacaq, siyasi, işgüzar və mədəni əlaqələrimiz isə daha da dərinləşəcək. Təbii ki, sözün əsl mənasında bizi birləşdirən Cənub Qaz Dəhlizi layihəsini də unutmamalıyıq. Bu müsbət təkan tərəfdaşlığımızı daha da yüksək səviyyəyə çıxarmalı, xalqımıza fayda verməli və Azərbaycanda islahatlar prosesini müşayiət etməlidir”, - deyə Aİ Şurasının prezidenti bildirib.*
F.İsazadə