Taxıl sahələrinin biçindən sonra yandırılması məhsuldarlığa mənfi təsir göstərir. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir.
“Bu gün əksər fermerlər taxıl biçinini başa vurduqdan sonra yerdə qalan kövşənliyi, yığılmamış samanı yandırmaqla bunun torpağa nə dərəcədə ziyan vurmasından xəbərsizdirlər”, - deyə məlumatda bildirilir.
Taxıl sahələrinin biçindən sonra yandırılması torpaqdakı üzvi maddələrin itirilməsinə, torpaq münbitliyinin azalmasına gətirib çıxarır.
“Vahid sahədə samanın 30-40 saniyədə yanmasına baxmayaraq, bu qısa müddət torpağın üst qatının 360 dərəcəyə qədər yanmasına kifayət edir. Bir hektar sahədə 1 ton samanın yandırılması nəticəsində 4,0-4,5 kiloqram azot, 2,0-2,5 kiloqram fosfor, 8-10 kiloqrama qədər kalium elementi itirilir. Eyni zamanda, biçindən sonra taxıl sahələrinin yandırılması növbəti ildə həmin sahədə becəriləcək bitkilərin məhsuldarlığını 20-30% azaldır”, - deyə məlumatda qeyd olunur.
Nazirlik biçindən sonra əkin sahələrini yandıran fermerlərin nəzərinə çatdırır ki, onlar bu əməli törətməklə qanunvericilikdə müəyyən edilmiş qaydada inzibati məsuliyyət daşıyırlar. “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə edilmiş dəyişikliyə əsasən əkin yerlərinin yandırılması qadağan edilib. Bu qadağanın tətbiqində məqsəd əkinəyararlı torpaq sahələrinin münbitliyini qorumaq, ekoloji mühitə vurulan zərərin qarşısını almaq, kənd təsərrüfatında məhsuldarlığı yüksəltməkdir. İnzibati Xətalar Məcəlləsinə yeni əlavə edilmiş 244-1-ci maddəyə əsasən əkin yerini yandıran fıziki şəxslər 400 manatdan 600 manata, vəzifəli şəxslər 1500 manatdan 2000 manata, hüquqi şəxslərin isə 5000 manatdan 6000 manatadək məbləğdə cərimə olunacaqlar.
1 iyul 2019-cu il tarixinə Azərbaycanda 2 mln. 514,61 min ton dənli bitki yığılıb.
1 mln. 9,139 min hektar sahədə taxıl əkini aparılıb. Bunun 677,793 min hektarı buğda, 331,346,8 min hektarı arpa sahəsidir.
Məhsuldarlıq hər hektara 32,1 sentner təşkil edib.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 463,707 min hektar (68,4%) ərazidə buğda, 319,44 min hektar (96,4%) ərazidə arpa biçini başa çatıb.*
Ə.Məmmədov