Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu ilin I yarısında 2 mln. sərnişinə xidmət göstərib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 3,8% çoxdur. Bu barədə "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin məlumatında deyilir.
“Göstərilən müddət ərzində baza aviadaşıyıcıları - AZAL və “Buta Airways” müvafiq olaraq 853 min və 234 min sərnişin daşıyıb. Ümumilikdə isə bu, ötən ilin göstəricisindən 57 min nəfər və ya 5,5% çoxdur”, - deyə məlumatda bildirilir.
Bakının hava limanının beynəlxalq uçuşlarda sərnişinlərinin sayı 1,76 mln. təşkil edib ki, bunun da 32,8 faizi AZAL-ın, 13,2 faizi “Buta Airways”in payına düşüb. Göstərilən dövrdə xarici aviaşirkətlərin payı 54 faiz təşkil edib.
Hazırda 31 sərnişin aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa aviareys yerinə yetirir. İyun ayı ərzində populyar aviaşirkətlərin beşliyinə AZAL və “Buta Airways” ilə yanaşı, “Turkish Airlines”, “Aeroflot” və “FlyDubai” daxil olub.
“Azərbaycanın beynəlxalq hava limanlarının sərnişin dövriyyəsi 2019-cu ilin birinci yarısında 2,4 mln. nəfər təşkil edib. Naxçıvan aeroportu 284 min sərnişinlə sıxlıq üzrə ikinci, Gəncə aeroportu isə 70 minlik sərnişin axını ilə üçüncü olub”, - deyə məlumatda qeyd olunur.
Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula birbaşa uçuşlar həyata keçirilir. Həmçinin milli aviadaşıyıcı AZAL Qəbələdən və Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir.
2018-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu 4,43 mln. sərnişinə xidmət göstərib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.*
N.Abbasova