Prezident İlham Əliyev Azərbaycan və Avropa İttifaqının enerji təhlükəsizliyi və nəqliyyat sahələrində konstruktiv əməkdaşlıq etdiyini qeyd edib.
“Bu gün biz enerji təhlükəsizliyi, nəqliyyat sektoru ilə bağlı məsələləri müzakirə etdik. Azərbaycan və Avropa İttifaqı bu sahələrdə çox konstruktiv əməkdaşlıq edir. Cənub Qaz Dəhlizi layihəsi uğurla həyata keçirilir”, - deyə dövlət başçısı bu gün Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla keçirilən birgə brifinqdə çıxışı zamanı bildirib.
Nəqliyyat sektoruna toxunan İ.Əliyev vurğulayıb ki, Azərbaycanda logistika və nəqliyyat sahəsinə yatırılan investisiyalar ölkəyə mühüm nəqliyyat habına çevrilmək imkanı verib.
“Şərq-Qərb və Şimal-Cənub dəhlizləri ölkəmizin ərazisindən keçir. Sözsüz ki, coğrafi mövqeyimiz üstünlük yaradır, lakin nəqliyyat sektoruna investisiyalar yatırılmasaydı, coğrafi mövqeyimiz o qədər də böyük məna kəsb etməzdi. Bu səbəbdən də son illərdə bizim bu istiqamətdəki səylərimiz artıq yaxşı nəticələr verir, Azərbaycan mühüm tranzit ölkəyə çevrilir. Gələcəkdə bizim tranzit ölkə kimi rolumuz sözsüz ki, artacaq”, - deyə prezident qeyd edib.*
F.İsazadə