Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus“Azərpoçt” MMC və Məlumat Hesablama Mərkəzi "PostPay" adlıyeni elektron pul kisəsi istifadəyə verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Məlumat Hesablama Mərkəzindən nəlumat verilib.
“Layihə “Azərpoçt” MMC və Məlumat Hesablama Mərkəzi arasında imzalanmış “Birgə fəaliyyət haqqında” müqavilə əsasında həyata keçirilib. Bu, həmin brendin əhatə dairəsinin sürətlə genişlənməsinə imkan yaradacaq. Belə ki, ölkənin bütün bölgələrində, ucqar kəndlərində mövcud olan poçt məntəqələri “PostPay”i vətəndaşlar üçün daha da əlçatan edəcək. Həmçinin, “Azərpoçt”da aparılan nağd əməliyyatların da bundan sonra “PostPay” üzərindən həyata keçiriləcəyi gözlənilir”, - deyə məlumatda bildirilir.
“Postpay” elektron pul kisəsinin "Android" sistemi ilə çalışan qurğuların dəstəklədiyi mobil tətbiqi də vətəndaşların istifadəsinə verilib. Bu tətbiqi “PlayStore”dan yükləmək olar.“PostPay”in əsas menyusu “Balansın artırılması”, “Nağdlaşdırma”, “Pul köçürmələri”, “Ödəmələr”, “Mal və xidmətlərin dəyərinin ödənişi (dinamik QR kod)” və “Balans” bölmələrindən ibarətdir.
““PostPay”in digər elektron pul kisələrindən əsaslı fərqi poçt filialları və məntəqələrində həm balans artırma, həm də nağdlaşdırma əməliyyatlarını həyata keçirmək imkanını istifadəçilərinə təqdim etməsidir. Poçt vasitəsi ilə balansı artırmaq üçün istifadəçi “Azərpoçt”un filialına yaxınlaşmalı və əməliyyatçıya “PostPay” hesab nömrəsini təqdim etməlidir. Nağdlaşdırma etmək üçün isə istifadəçi əvvəlcə hesab nömrəsini və istədiyi məbləği əməliyyatçıya təqdim edir”, - deyə məlumatda qeyd olunur.
“PostPay” vasitəsilə digər “PostPay” istifadəçisinə, başqa elektron pul kisələrindəki hesablara, bank kartlarına, poçt şöbəsində təqdim olunan kod qarşılığında, eləcə də beynəlxalq pul köçürmə sistemləri vasitəsilə istənilən şəxsə pul köçürmələri həyata keçirmək mümkündür.
“PostPay” istifadəçiləri mobil operatorlara ödənişlər, komunal xidmət haqları, gömrük rüsumları və s. bir sıra bu tip ödəmələri həyata keçirə biləcəklər.
“Mağazalarda və ya xarici internet saytlarında alış-veriş edən “PostPay” istifadəçisi tətbiqdən QR kod vasitəsilə ödəmə funksiyasını seçərək ödəmələrini həyata keçirə bilər”, - deyə məlumatda bildirilir.*
N.Abbasova